Güzəştli mənzil almaq üçün nə qədər müraciət olub?
14.7.2017

“Elektron hökumət” portalında yaradılmış “Güzəştli mənzil” elektron sisteminə 5797 müraciət qəbul olunaraq qeydiyyata alınıb.Müvafiq kateqoriyalara aid olan 5376 vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək həmin şəxslər üçün elektron kabinetin yaradılması təmin edilib.
Bu barədə Mənzil İnşaatı Dövlət Agentliyində bu gün keçirilən hesabat konfransında bildirilib.
Agentliyin direktoru Samir Nuriyev ilin 6 ayı ərzində Agentliyin fəaliyyətinin nəticələri və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
O bildirib ki, bu ilin ilk 6 ayı ərzindəölkə vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədiləAgentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisi təşkil olunub və sürətlə davam etdirilir. Kompleksin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə 24.12.2016-cı il tarixində təməli qoyulmuş ilk 9 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsinin tikintisi aparılır, 3 mərtəbəli ümumtəhsil məktəbinin binasının isə tikinti-quraşdırma işləri artıq tamamlanmaq üzrədir. Hər iki tikilinin 2018-ci ilin yay aylarında tam təhvil verilməsi planlaşdırılır. 29 yaşayış binasından ibarət olacaq Yasamal Yaşayış Kompleksinin hal-hazırda 25-inin tikintisi, habelə elektrik enerjisi, su, qazla təminatı və kanalizasiya sistemini əhatə edəcək mühəndis-kommunikasiya şəbəkəsinin yaradılması işləri paralel olaraq həyata keçirilir.
Ötən müddət ərzində Yasamal Yaşayış Kompleksi layihəsinin reallaşdırılması çərçivəsində 3 yaşayış binasının tikintisi, habelə ərazidə rabitə, televiziya və internet xətlərinin çəkilməsi və bu sahədə müvafiq xidmətlərin göstərilməsi üzrə investisiya müsabiqələri keçirilib. Hər iki müsabiqə nəticəsində seçilmiş investorlarla təşkil olunan dövlət-özəl tərəfdaşlığı çərçivəsində 11 milyon manatdan artıq özəl investisiyanın cəlb olunması gözlənilir. İnvestorlardan biri tərəfindən öz vəsaiti hesabına tikiləcək 3 binadan biri mənzillərini güzəştli şərtlərlə vətəndaşlara təklif etmək üçün “MİDA” MMC-yə təmənnasız olaraq təhvil veriləcək, digər 2 binanın mənzillərinin bazar qiymətinə satışı isə investor tərəfindən həyata keçiriləcəkdir. İkinci investor tərəfindən rabitə xətlərinin Yasamal Yaşayış Kompleksinədək çəkilməsi və yaşayış massivinin ərazisində müvafiq kommunikasiya infrastrukturunun yaradılması təmin ediləcək.
Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan və Nazirlər Kabinetinin 22.02.2017-ci il tarixli Sərəncamı ilə “MİDA” MMC-yə ayrılmış 20 ha torpaq səhəsini əhatə edəcək Hövsan Yaşayış Kompleksinin şəhərsalma əsaslandırılmasının (baş planın) hazırlanması işləri başa çatdırılıb, layihə-smeta sənədlərinin hazırlanması üzrə təşkil olunmuş tender proseduru yekunlaşmaq üzrədir.


publika.az