Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Texniki Baxış Mərkəzi avtomobillərin texniki müayinədən keçirilməsi prosesini sürətləndirmək üçün şənbə və bazar günləri də fəaliyyət göstərəcək.
Bu barədə İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, iyulun 31-də Azərbaycanda istifadə olunan xarici markalı avtomobillərin texniki baxış müddəti başa çatır:
"Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Texniki Baxış Mərkəzi bununla əlaqədar gücləndirilmiş iş rejimində işləyəcək. Mərkəz sürücülərə daha yüksək xidmət göstərmək məqsədilə iş günlərindən əlavə, şənbə və bazar günləri də fəaliyyət göstərir ki, vətəndaşlar üçün çətinlik yaranmasın".
trend.az