«Azercell» rouminq tariflərini endirəcək
7.11.2012

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telekom» şirkəti rouminq tariflərinin endirilməsi siyasətini davam etdirəcək. Bunu şirkətin prezidenti Kirill Qaburiç bildirib.

Onun sözlərinə görə, şirkət fəaliyyətə başladığı gündən indiyədək rouminq tariflərini kifayət qədər endirib: «Lakin bu təkcə bizdən asılı olan məsələ deyil. Belə ki, rouminq tariflərini dəyişərkən qarşı tərəfin, yəni digər ölkədə fəaliyyət göstərən mobil rabitə operatorundan da bir çox şeylər asılıdır. Buna baxmayaraq, biz tariflərin endirilməsi siyasətini davam etdirəcəyik».

K.Qaburiç onu da qeyd edib ki, yaxın zamanlarda «Azercell» abunəçiləri «TeliaSonera» qrupuna daxil olan mobil rabitə operatorlarının abunəçiləri ilə münasib qiymətlərlə danışa biləcəklər: «Bura təxminən 20 ölkə daxildir ki, «Azercell» abunəçiləri bu ölkələrdə olarkən rouminqdən münasib qiymətlərlə danışa biləcək. Eyni zamanda, bu ölkələrdən Azərbaycana gələnlər «TeliaSonera»ya daxil olan mobil rabitə operatorlarından istifadə edərək münasib rouminq tariflərindən istifadə edə biləcəklər».

APA