"Havas Media Azərbaycan" reklam agentliyi rəqəmsal marketinq sahəsindəki son yenilikləri tətbiq etmək üçün bu sahədə qabaqcıl texnologiyaları tədris edən "Code Academy" ilə strateji əməkdaşlıq müqaviləsi imzalayıb.
Əməkdaşlıq çərçivəsində ilkin olaraq Agentlik işçilərinin təhsil mərkəzində biliklərinin artırılması, "Code Academy" tələbələrinin isə Agentlikdə təcrübə keçərək biliklərini möhkəmləndirmələri nəzərdə tutulur.
Bugünkü imzalanma mərasimində çıxış edən "Code Academy"nin rəhbəri Ülvi Aslanov təhsil mərkəzi haqqında məlumat verərək, məqsədlərinin rəqəmsal texnologiyalar sahəsində qlobal bazarda da rəqabət apara biləcək kadrlar hazırlamaq olduğunu bildirib.
Bu əməkdaşlığın "Code Academy" üçün çox önəmli olduğunu qeyd edən Ü.Aslanov bildirib ki, "Digital Marketing Institute" (DMI) ilə rəsmi tərəfdaşlıq əsasında qlobal standartlara uyğun rəqəmsal marketinq dərsləri tədris edilir: "Tələbələrimizin aldığı təhsili tətbiq etmək üçün də ən uyğun yerlərdən biri əlbəttə ki, qlobal reklam agentliyidir".
report.az