Koreya Əczaçılıq Məhsulları və Biofarma İstehsalçıları Assosiasiyasının (KPBMA) sədri Hee-Mok Vonun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 17-19-da Azərbaycanda səfərdə olacaq.
Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin ölkə rəhbərliyinin qeyri-neft sektoruna xarici sərmayənin cəlb edilməsi istiqamətində tapşırıqlarına uyğun olaraq apardığı iş çərçivəsində həyata keçirilən səfərin məqsədi respublikamızda xarici investorlar üçün yaradılmış şərait və əczaçılıq sahəsində həyata keçirilən islahatlarla tanış olmaq, ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə etməkdir.
Səfər çərçivəsində nümayəndə heyəti İqtisadiyyat Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Sumqayıt Kimya Sənaye Parkında görüşlər keçirəcək. Bundan başqa, nümayəndə heyətinin tərkibinə daxil olan Koreyanın əczaçılıq sənayesi üzrə tanınmış şirkət rəhbərlərinin Azərbaycanın müvafiq şirkətlərinin rəsmiləri ilə biznes görüşləri təşkil ediləcək.
KPBMA Koreyada ən böyük əczaçılıq sənayesi təşkilatıdır və 202 əczaçılıq şirkətini (175 yerli şirkət və 27 beynəlxalq korporasiya) birləşdirir. Bu şirkətlər ümumi dəyəri 2,4 milyard ABŞ dolları olan əczaçılıq məhsullarını və 7,8 milyard dollar dəyərində əczaçılıq texnologiyasını 188 ölkəyə ixrac edir.
azertag.az