Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Vahid Qeydiyyat Sisteminin təşkili və Milli Rəqəmsal Yaddaş layihəsinin tətbiqi ilə bağlı təlim keçirilib.
MEK-dən bildiriblər ki, kitabxananın elektron kataloqun koordinasiya bölməsinin rəhbəri Günel Əhədova kataloqlaşdırma modullarında edilən yeniliklərdən, Milli Rəqəmsal Yaddaşda iş sisteminin xüsusiyyətlərindən bəhs edib. Milli Rəqəmsal Yaddaşa daxil edilən kitabların siyahısını açıqlayan G.Əhədova elektron kataloqlaşdırma prosesindəki ardıcıllığı izah edib, dəqiqliyin vacib şərt olduğunu vurğulayıb.
Sonra seçilmiş sənədlərin Milli Rəqəmsal Yaddaşa daxil edilməsi ilə bağlı məlumat verilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Təlimin məqsədi avtomatlaşdırılmış kitabxana idarəetmə sisteminin komplektləşdirmə və kataloqlaşdırma modullarında edilən yeniliklərlə bağlı əməkdaşları təlimatlandırmaq olub.
Kitabxanada 2016-cı ilin sonlarından həyata keçirilən Milli Rəqəmsal Yaddaş layihəsində əsasən Azərbaycanın qədim mədəniyyətini, tarixini, etnoqrafiyasını, arxeologiyasını, dövlətçiliyini, qanunvericiliyini, demoqrafik və statistik durumunu əks etdirən sənədlər yerləşdirilir.
azertag.az