Azərbaycan və Rusiya dəmir yolları arasında ikitərəfli görüş keçirilib
18.7.2017

Rusiya Federasiyasının Moskva şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-nin cədri Cavid Qurbanov ilə “Rusiya Dəmir Yolları” ASC-nin Prezidenti Oleq Belozyorov arasında ikitərəfli görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə yük və sərnişin daşımalarının inkişafı üzrə təkliflər, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf perspektivləri, Rəşt-Astara dəmir yolunun tikintisi eləcə də müxtəlif layihələrin reallaşması üzrə qarşılıqlı dəstək və digər məsələlər müzakirə edilib.

İkitərəfli görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində görülən işlərdən danışılıb. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bildirib ki, Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8,3 km dəmir yolu çəkilib, Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi artıq başa çatıb. Həmçinin sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib. Hazırda Astarada (İran) geniş işlər aparılır. Bu işlərin tərkibinə 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası da daxildir. Bu istiqamətdə də işlər davam edir.

Həmçinin C.Qurbanov qeyd edib ki, Azərbaycan və İran Dəmir Yolları arasında “Astara yükdoldurma və yükboşaltma terminalının tikintisi və istismarı” layihəsi üzrə müqavilə də imzalanıb. Müqavilə İran ərazisində 1,4 km-lik dəmir yolu xəttinin və həmin ərazidə böyük aşırma qabiliyyətinə malik olan 4 terminalın tikintisinin “Azərbaycan Dəmir Yolları” QSC-nin dəstəyi ilə reallaşmasını özündə ehtiva edir. Müqaviləyə əsasən “Azərbaycan Dəmir Yolları” QSC 15 illik müddətə 1,4 km-lik dəmir yolu xəttini, 25 illik müddətə isə terminalları icarəyə götürür.

“Rusiya Dəmir Yolları” ASC-nin Prezidenti Oleq Belozyorov “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib və bu marşruta yük axının cəlb edilməsi üçün bütün imkanları səfərbər etməyin vacib olduğunu bildirib. O.Belozyorov Azərbaycan və Rusiya dəmir yolları arasında əlaqələrin daha da genişlənməsində, eləcə də dövlətlərarası dəmiryol nəqliyyatı sahəsindəki koordinasiya işlərinə və bu sahədə razılaşdırılmış fəaliyyət prinsiplərinin işlənib hazırlanmasındakı tövhələrinə görə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu “Fəxri dəmiryolçu” döş nişanı ilə təltif edib.

Görüşdə Azərbaycan tərəfinin təklifi ilə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımalarının həcminin artırılması məqsədilə, mərkəzi Bakı şəhərində olmaqla Koordinasiya Şurasının yaradılması barədə razılıq əldə olunub.

Görüşün sonunda “ADY” QSC ilə “RDY” ASC arasında “Dəmir yolu ilə beynəlxalq yük daşımalarında məlumatların elektron mübadiləsi haqqında” saziş imzalanıb.

trend.az