ADA Universitetində Avropa İttifaqı (Aİ) üzrə 3-cü Yay Məktəbi açılıb.
Bu barədə Universitetdən məlumat verilib.
İki həftəlik təlim proqramı bu dəfə Yunanıstan, Əfqanıstan, İtaliya, İran da daxil olmaqla 20-dən çox beynəlmiləl tələbə qrupunu cəlb edib. 3-cü Yay Məktəbini açan ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, iştirakçılar Aİ təsisatları, əsas mövzular üzrə siyasəti və qərar qəbul etmə mexanizmlərini Avropa parlamentinin, eləcə də ən aparıcı beyin mərkəzlərinin mütəxəssislərindən öyrənəcəklər.
Bununla yanaşı, dərslərdə Azərbaycanın Aİ üçün əhəmiyyəti və tərəflər arasında yeni saziş üzrə aparılan danışıqlar da müzakirə olunacaq.
Qeyd edək ki, bu ilki məktəbin təşkilində ADA-nın tərəfdaşı Fransanın Avropa üzrə Beynəlxalq Təlim Mərkəzidir. Yay Məktəbi ADA Universitetində 2013-cü ildən etibarən fəaliyyət göstərən Avropa İttifaqı (Aİ) Məsələləri üzrə Bilik Mərkəzinin təklif etdiyi sertifikat proqramıdır. Mərkəz ölkə ictimaiyyətinin Aİ haqqında biliklərini təkmilləşdirmək məqsədilə dövlət qulluqçuları, tələbələr, şagirdlər də daxil olmaqla, ictimai qruplar üçün təhsil və təlim kursları həyata keçirir.
trend