Azərbaycan daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək. 2013-cü ildə kapoeyranın WCF (Dünya Kapoeyra Federasiyası) versiyası üzrə dünya çempionatı Azərbaycanda təşkil olunacaq.
2013-cü ilin may ayının 30-dan iyunun 1-dək Bakıdakı çempionatda 50 ölkədən idmançılar mübarizə aparacaqlar.
Yarış “Sərhədçi” İdman Olimpiya Kompleksində keçiriləcək.
Çempionatın Bakıda keçirilməsi barədə qərar 2011-ci ildə keçirilən Ümumdünya Kapoeyra Federasiyasının baş konfransında qəbul edilib.
Bu ilin əvvəllərindən isə Azərbaycan Kapoeyra Federasiyasının təşkilatçılığı ilə hazırlıq işləri start götürüb.
Federasiyanın mətbuat xidmətinin bildirdiyinə görə, bu çempionatın Azərbaycanda keçirilməsində əsas dəstəkçilər Azərbaycan Gənclər və İdman Nazirliyi və Braziliya Federativ Respublikasının ölkəmizdəki səfirliyidir.
Qeyd edək ki, dünya çempionatının anonsunun çəkilməsi ötən il keçirilən WCF-nin yığıncağı vaxtı müzakirə olunub. Anonsun çəkilişlərinə bu ilin may ayında başlanılıb və sentyabr ayında videomontaj və səsləndirmə işləri başa çatdırılıb. Anonsda WCF-nin çağırışı (dəvəti mənasında) ilə dünyanın ayrı-ayrı yerlərindən müxtəlif kapoeyra qruplarına mənsub olan idmançıların Bakıda Bayraq meydanında toplaşıb yarış keçirmələri göstərilir.
Publika.Az