Gülhanə Tibb Fakültəsinə qəbul üçün müsabiqə elan olunub
20.7.2017

2017/2018-ci tədris ilində Türkiyənin Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə kursantların qəbulu üçün müsabiqə elan olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, müsabiqədə 2017-ci ildə ali təhsil müəssisələrinin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600‑dən yuxarı bal toplamış, 20 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər.

Müsabiqə əsasında 6 nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarına təqdim olunacaq. Seçim zamanı uğur qazanmış 2 namizəd Türkiyənin Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə təhsil almağa göndəriləcək. Gülhanə Tibb Fakültəsində təhsil müddəti 6 ildir. Kursantlar təhsil müddətində dövlət təminatında olurlar.

1-ci kursda kursantlar hərbi and içir və Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilirlər. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Gühanə Tibb Fakültəsini müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan DİN-in Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaq va yaşayış yeri ilə təmin ediləcəklər. Həmin şəxslərin ən azı 10 il müddətində DİN-in Daxili Qoşunlarında zabit kimi xidmət etmələri məcburidir.

Müsabiqədə iştirak etmək istəyənlər imtahanların nəticələri elan olunduqdan sonra - iyulun 31-dək DİM-ə müraciət etməlidirlər.

trend