Heydər Əliyev Sarayı Yeni ilin ilk günlərində qapılarını balaca tamaşaçılar üçün açacaq.
Sarayın mətbuat xidmətindən verilən məlumata əsasən, yanvarın 2-dən 4-dək uşaqlar üçün Yeni il şənliyi təşkil olunacaq.
Uşaqların marağına səbəb olacaq konsertdə milli və müasir rəqslər, illüziya şousu, rəngarəng çıxışlar və digər sürprizlər gözlənilir.
Heydər Əliyev Sarayının təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək Yeni il şənliyi səhnəsində çox hündür şam ağacı quraşdırılacaq. Əlvan şar və oyuncaqlarla bəzədilən şam ağacının ətrafında toplaşacaq uşaqlar Qar qız, Şaxta baba və digər nağıl qəhrəmanları ilə birgə əylənəcəklər.
Saraydan bildiriblər ki, hazırda proqramın məşqləri gedir. Yeni il şənliyi dörd gün ərzində hər gün saat 13:00-da başlayacaq.
Gün.Az