Mircəlal Kazımi: "İndiyə qədər Azərbaycanda 107 xəstəyə qaraciyər, 356 xəstəyə isə böyrək köçürülüb"
20.7.2017

"İndiyə qədər Azərbaycanda 107 xəstəyə qaraciyər, 356 xəstəyə isə böyrək köçürülüb".
Bunu Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, xəstələrin xaricə üz tutması əsas problemlərdən biri olub: "Əvvəllər bizim xəstələrin 40 faizi xaricə gedib qayıdanlar idisə, bu gün xəstələrin 95 faizi artıq xaricə getmir. Yerdə qalan insanların hansısa ölkəyə gedib müalicə almaq seçimi sərbəstdir".
Şöbə müdiri qeyd edib ki, digər problem meyitlərdən orqan köçürülməsi işinin təşkil edilməsidir: "Bu, hazırda bizim ölkəmizdə mümkün deyil. Azərbaycanda ancaq qohum donorların orqanlarından istifadə olunur. Hazırda bununla bağlı qanunvericiliyə dəyişikliklər edilməsi məsələsi müzakirə olunur".
M. Kazımi onu da bildirib ki, orqan köçürülən 9 qadın xəstə dünyaya övlad gətirib.

report.az