Azərbaycan Litvada keçirilən beynəlxalq festivalda təmsil olunub
21.7.2017

Xanəndə Könül Məmmədli, Ədalət Behbudov (tar) və Pərviz Fərhadov (kamança) ölkəmizi UNESCO-nun Litvada keçirdiyi “Lauks-Nos” festivalında təmsil ediblər.

Bu barədə Pərviz Fərhadov məlumat verib. Bildirib ki, festivalda Azərbaycan, Bolqarıstan, Estoniya, Gürcüstan, İspaniya, Xorvatiya, Latviya, Litva, Makedoniya və Ukrayna təmsilçiləri iştirak ediblər. Həmyerlilərimiz festivalda xalq və bəstəkar mahnılarını, muğamlarımızı səsləndiriblər.

Qeyd edək ki, muğam televiziya müsabiqəsinin laureatı Könül Məmmədli Azərbaycan Milli Konservatoriyasında təhsil alır. Respublika və beynəlxalq müsabiqələr laureatları Ədalət Behbudov Bakı Humanitar Kollecində, Pərviz Fərhadov isə Azərbaycan Milli Konservatoriyası və Respublika İncəsənət Gimnaziyasında müəllim işləyir.


azertag.az