Lənkəranda türkiyəli mütəxəssislərin iştirakı ilə yeni çimərliklər salınır
21.7.2017

Ölkəmizdə digər turizm növləri kimi, çimərlik turizminin inkişafı üçün də geniş imkanlar var. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nda ölkəmizin cənub bölgəsində - Lənkəranda 2 özəl və 1 ictimai, Astarada isə 1 özəl və 1 ictimai çimərliyin yaradılması nəzərdə tutulub.

Artıq Lənkəranda yeni çimərliklərin yaradılması ilə bağlı işlərə başlanılıb. Bu məqsədlə çimərlik turizmi sahəsində böyük təcrübəyə və imkanlara malik qonşu Türkiyədən rayona mütəxəssislər dəvət olunub.

Yeni çimərliklərin ərazisində uşaq əyləncə mərkəzlərinin, çimərlik voleybolu üçün xüsusi meydançaların yaradılması da nəzərdə tutulub.

Bütün bunlar isə həm daxili turizmin, həm də xaricdən gələn turist sayının artmasına səbəb olacaq.

azertag.az