Neft Mühəndisləri Cəmiyyətinin illik Xəzər Texniki Konfransı və Sərgisi noyabrın 1-3-də Bakıda keçiriləcək
24.7.2017

Neft Mühəndisləri Cəmiyyətinin (SPE) illik “Təkmilləşməyə doğru” adlı Xəzər Texniki Konfransı və Sərgisi noyabrın 1-3-də Bakıda keçiriləcək.

SPE-dən bildirilib ki, tədbirin “Təkmilləşməyə doğru” adlı mövzusu neft və qaz sənayesinin həm qlobal, həm də ölkə səviyyəsində mövcud bazar şərtlərinə istiqamətlənib. Konfrans regionda texnoloji inkişafın dəstəklənməsi və sürətlənməsi mövzuları ətrafında yerli, regional və beynəlxalq ekspertlərin müzakirələrinin aparılmasına imkan yaradacaq. Tədbir neft-qaz sənayesinin hazırkı iqtisadi mühitə innovasiyalarla cavab verməsinə fokuslanacaq. Tədbir həmçinin neft və qaz sənayesi iştirakçılarının öyrəndikləri bilikləri regional və qlobal səviyyədə paylaşmasını diqqət mərkəzində saxlayacaq.

BP-nin yataqların işlənməsi üzrə vitse-prezident Martin Smit deyib: "Bakıda Neft Mühəndisləri Cəmiyyətinin belə nüfuzlu texniki konfrans və sərgisinin keçirilməsi həmkarlarımızın Xəzər regionunda neft və qaz sənayesinin tərəqqisinə kömək edəcək çətinlik və təcrübə bölüşməsi üçün böyük imkandır. Mən neft sənayesi ilə bağlı hər kəsə həqiqətən faydalı olan bu tədbirdə iştirak etməyi və bundan yararlanmağı tövsiyə edirəm”.

Konfrans və sərgidə regional və beynəlxalq mütəxəssislər iştirak edəcəklər. İştirakçılar gələcək inkişaf və sınaqları, yeni toxnologiyalar, habelə rəqəmsallaşdırma, avtomatlaşdırma, robotiks, proqnozlaşdırma ssenarilərinin səmərəliliyi, maşınların iş müddətini və bərpa amillərini necə təkmilləşdirəcəyini müzakirə edəcəklər.

Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan, Fransa, Norveç, Böyük Britaniya, ABŞ, Qətər, Səudiyyə Ərəbistan və 40-dan çox şirkətlərin yüksək səviyyəli məruzəçilərini və texniki təqdimatlarını dinləniləcək.



azertag.az