Qız qalasında restavrasiya işləri əvvəlcədən hazırlanan qrafik əsasında aparılır və bu ilin sonuna kimi işlərin 80%-i başa çatdırılacaq.
Qalada restavrasiya işlərini həyata keçirən Avstriya şirkətinin rəhbəri Erik Pumerin sözlərinə görə, işlər hazırda qalanın içərisində 5-ci mərtəbədə sınaq sahəsində aparılır. Əgər görülən işlər mütəxəssislər tərəfindən bəyənilərsə, gələn ildən etibarən qalanın içərisində də restavrasiya işlərinə başlanıla bilər. Hazırda qalanın giriş hissəsində qızğın iş gedir.
Qız qalasında restavrasiya işləri ilə yanaşı eyni zamanda müəyyən başqa işlər də görülüb. Qalanın baxış hissəsindəki pəncərələr əvvəl dəmirdən idi. Açılıb bağlanmırdı. Ventilyasiya sistemi normal olsun deyə, onlar yeniləri ilə əvəz edilib. Köhnə elektrik xətləri yeniləri ilə əvəzlənib. Bundan başqa təhlükəsizlik tədbirləri də nəzərə alınıb.
Konservasiya işləri zamanı xüsusi diqqət abidənin üzərindən yağış sularının daxilə nüfuz etmədən kənara axıdılmasının təmin olunmasına və struktur dayanıqlığının təmin olunmasına yönəldilib. Bundan başqa qalada yığılan su axınının da qarşısı alınıb.
Şirkət rəhbəri deyir ki, şəhər sakinlərinin, qalanı ziyarət edənlərin narahatlığına səbəb yoxdur. Çünki, qala divarlarının restavrasiyası zamanı qədimliyə xələl gətirilmədən işlər aparılıb. Avropada bir sıra tarixi abidələrin restavrasiyasını apardığını deyən alman mütəxəssis isə hesab edir ki, Qız qalasında gedən hazırki işlər daşların forma və rəngində dəyişikliyə səbəb omayacaq.
Qeyd edək ki, Qız qalasında aparılan restarvasiya işləri gələn il yekunlaşacaq.
ANS PRESS