Şanel ətirləri qadağan edilir
8.11.2012

Məşhur “Şanel No 5” Merilin Monronun istifadə etdiyi yeganə ətir idi. İllərdir ki, bir çox məşhurlar məhz onu seçirlər. Lakin indi, 91 illik tarixində ətir ilk dəfə olaraq təhlükə altındadır.

Belə ki, əsas tərkib elementlərindən birini mikroskop altında tədqiq edən avropalı alimlər bildiriblər ki, ətir allergiya yarada bilər. Təsəvvür edin, hər 30 saniyədə bir dənə satılan ətirdən dünyada minlərlə qadın istifadə edir və onların hər biri təhlükə altındadırlar.

Avropa Komissiyasının qanunlarına əsasən ətirə daxil olan 26 inqrediyent bir-bir analiz edilməli, ziyanlı olanlar tərkibdən çıxarılmalıdırlar. Alimlər ətirin tərkibində xüsusilə təhlükəli ağac mamırının olduğunu deyirlər. Ağac mamırı “Şanel No 5”-ə xüsusi qoxu verən detallardandır. Onun tərkibdən çıxarılması ətri məhv edə bilər. Bəs görəsən ağac mamırı necə əldə edilir?

Böyük Britaniyada yerləşən beynəlxalq ətir evinin direktoru Fransis Piktal bu barədə danışıb: “Ağac mamırı əsasən Şimal yarımkürəsində, xüsusilə də keçmiş Yuqoslaviya ərazisində bitən ağaclardan alınır. Sonradan mamır distillə edilir. Düzdür, indi bir çox ətir firmaları çalışırlar ki, sintetik ağac mamırından istifadə etsinlər. Lakin bu zaman onlar etanol spirtinin qədərini nəzərə almalıdılar ki, ətir sonradan dəridə qıcıq yaratmasın.

Alimlər bir tərəfdən “Şanel”in tərkibindəki ziyanlı maddələrə qadağa qoyarkən, digər tərəfdən ətirin istehsalçıları bildirirlər ki, bu maddələr olmasa ətir öləcək.

Xatırladaq ki, 1921-ci ilə qədər bir çox ətirlərin tərkibində heyvan yağı bol olurdu. Sonralar Paris dəb mühitini ələ almış Koko Şanel qərar verir ki, incə, yüngül və uzun müddət qalan ətir yaratsın. Belə ki, Kokonun anası Fransada paltaryuyan olduğundan Koko uşaqlıqdan sabun iyini xoşlayır. Lakin illərlə o, lazım olan parfümeri tapa bilmir. Ən çətin tapşırıq isə, limon, berqamot, portağal kimi iylərin uzun müddət qalmasını təmin etmək idi. Sonra 1920-ci ildə Koko Ernest Bö adlı bir parfümer haqqında eşidir. Ernest uzun müddət Rusiyada krallıq ailəsinə xidmət edib. Ernest həmin an işə girişir və aylarla müxtəlif təcrübələr edir.

24 nümunə hazır olur və Koko bu 24 nümunədən 5-cini seçir. Məhz ona görə də ətrin adı “Şanel No 5” qalır. Ətirin tərkibində qızılgül, vanil kimi maddələr də olur. Deyilənə görə, Şanel restoranda ətri sıxanda yanından keçən bütün qadınlar dayanıb onun hansı ətirdən istifadə etdiyini soruşurlarmış. Sonralar Koko demişdi: “Bu mənim istədiyim ətirdir. Yalnız ətir, başqa heç nə. Qadın hissiyyatlı qadın ətri”.

İndi isə bu ətir itmə təhlükəsi qarşısındadır. Britaniya sənayesində aparıcı fiqurlardan olan “Dove” şirkətinin səlahiyyətlisi də bildirib ki, bu qadağa yersizdir: “Təsəvvür edin ki, bəzi insanların allergiyası var deyə, Brüsseldə, ümumiyyətlə, fındıq qadağan edilir. Bu düzgün deyil”.

“Şanel No 5” ətrinin isə gələcək taleyi hələ də naməlumdur.

Big.az