"Qəbələ" komandası bu gün futbol üzrə Avropa Liqasında III təsnifat mərhələsində ilk oyununa çıxacaq.
Rəqib Yunanıstan "Panatinaikos"u olacaq.
Afinadakı "Apostolos Nikolaidis" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq. Oyunu Xuan Martines Munueranın başçılığı ilə ispaniyalı hakimlər briqadası idarə edəcək.
Bu komandalar 2015-2016 mövsümündə Avroliqanın "play-off" mərhələsində üz-üzə gəliblər. Həmin vaxt "Qəbələ" səfər qolları sayəsində (0:0, 2:2) tarixində ilk dəfə qrup mərhələsinə adlayıb.
"Qəbələ" bu mövsüm mübarizəyə II təsnifat mərhələsindən başlayıb. Roman Qriqorçukun baş məşqçi olduğu kollektiv Polşa "Yagelloniya"sını mübarizədən kənarlaşdırıb - 1:1, 2:0. Bundan sonra Bakıya qayıtmayan "qırmızı-qaralar" əvvəlcə Varşavada, sonra isə Afinada hazırlıq keçib. "Panatinaikos" isə mübarizəyə elə III təsnifat mərhələsindən başlayacaq.
Avropa Liqası, III təsnifat mərhələsi, ilk oyun
27 iyul
22:30. “Panatinaikos” (Yunanıstan) – “Qəbələ” (Azərbaycan)
Baş hakim: Xuan Martinez Munuera (İspaniya)
Baş hakimin köməkçiləri: Dieqo Barbero Sevilya, Sezar Manuel Noval Font (hər ikisi İspaniya)
Dördüncü hakim: Mario Melero Lopez (İspaniya)
Hakim-inspektor: Lesli İrvin (Şimali İrlandiya)
UEFA nünayəndəsi: Yanis Mejeckis (Latviya)
Afina. “Apostolos Nikolaidis” stadionu
Qeyd edək ki, cavab görüşü avqustun 3-də Bakıdakı "Bakcell Arena"da keçiriləcək.
report.az