Rumıniyanın paytaxtı Buxarestlə Bakı arasında birbaşa aviareys açıla bilər.
Bunu Şərqi Avropa bürosuna müsahibəsində Rumıniya nəqliyyat nazirinin müavini Maria Magdalena Grigore deyib.
“Ölkələrimiz arasında birbaşa aviareysin açılması ilə bağlı Azərbaycan tərəfilə danışıqlara start verilibmi?” sualını cavablandıran nazir müavini bildirib ki, yaxın gələcəkdə bu məsələ müzakirəyə çıxarılacaq.
“Buxarest-Bakı və əks istiqamətə birbaşa hava əlaqəsinin açılması imkanı bir variantdır, çox güman ki, yaxın gələcəkdə müzakirə olunacaq. Nəzərə alınmalıdır ki, iki ölkə arasında əlaqələr inkişaf edir və vətəndaşların davamlı olaraq qarşılıqlı axını mövcuddur. Lakin hələ ki, nə Azərbaycan, nə də ki, Rumıniya tərəfi bu aviareysin açılması ilə bağlı danışıqlara təşəbbüs göstərməyib” - deyə nazir müavini qeyd edib.
Qeyd edək ki, hazırda Azərbaycan və Rumıniya vətəndaşları qarşılıqlı səfərlər zaman İstanbul, Moskva və Kiyev şəhərlərindən tranzit kimi istifadə etməklə hərəkət edirlər.
report.az