Sabahdan Bakı üzrə məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır
31.7.2017

Sabahdan Bakıda məktəbəhazırlıq qruplarına növbəti tədris ili üçün uşaqların elektron qeydiyyatı başlayır.
Sentyabrın 18-nə qədər davam edəcək qeydiyyatda ərizələrin qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva bildirib ki, məktəblərdə sənəd qəbulu isə avqustun 1-dən sentyabrın sonuna qədər olacaq.
O qeyd edib ki, növbəti tədris ilində BŞTİ-nin tabeliyində 266 ümumi təhsil müəssisəsində 936 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək: "Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq. Səkkiz ay davam edən məşğələlər mayın 31-də başa çatacaq".
İdarə rəsmisi onu da əlavə edib ki, yeni tədris ili üçün paytaxtın ətraf qəsəbələrində yerləşən ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarına daha çox uşağın cəlb edilməsi planlaşdırılır: "Yeni tədris ilində məktəbəhazırlıq qruplarına ümumilikdə 25 mindən çox uşağın cəlb olunması nəzərdə tutulur".

report.az