Təhsil naziri Tovuzda vətəndaşları qəbul edib
1.8.2017

İyulun 31-də təhsil naziri Mikayıl Cabbarov Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının sakinlərini qəbul edib.

Təhsil Nazirliyindən bildiriblər ki, qəbuldan əvvəl təhsil naziri Mikayıl Cabbarov və Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov Heydər Əliyev Mərkəzində ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Qəbulda müəllimlərin yerdəyişməsi və işə qəbulu, direktorların işə qəbulu digər məsələlərlə əlaqədar vətəndaşların müraciətlərinə baxılıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq struktur bölmələrinə və yerli təhsili idarəetmə qurumlarına tapşırıqlar verilib, əksər məsələlər isə yerindəcə həllini tapıb.


azertag.az