Əfsanəvi türk aktrisası Türkan Şoray Bakıya gəlir
12.11.2012

Noyabrın 26-dan 30-dək Bakıda gənclərin II Respublika Toplantısı keçiriləcək.

GoMap.Az www.artweek.az saytına istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq toplantı çərçivəsində Bakıya Türkiyənin tanınmış və çox sevilən aktrisası Türkan Şoray da təşrif buyuracaq.

Uzun illər boyunca öz istedadı ilə yalnız kinosevərlərin deyil, hər kəsin sevgisini qazanmış tanınmış sənətkar Türkan Şoray 3 gün müddətində şəhərimizin qonağı olacaq.

T.Şoray noyabr ayının 26-da toplantının rəsmi açılışında iştirak edəcək. Məhz elə həmin gün aktrisanın iştirakı ilə kino sənəti sahəsində ustad dərsləri təşkil olunacaq. Dərslər zamanı gənclərlə görüşəcək T.Şoray onlarla aktyorluq sənətinin sirrlərini və özünün professional biliklərini paylaşacaq.

Ustad dərslərindən əlavə Türkan Şorayın yeni filminin nümayişi və müəllifi olduğu kitabın təqdimat mərasiminin keçirilməsi də nəzərdə tutulub.

Onu da qeyd edək ki, məşhur sənətkarın master-klaslarında iştirak etmək istəyən gənclər www.artweek.az

saytının online qeydiyyat bölməsinə daxil olaraq, qeydiyyatdan keçməlidirlər.


Gün.Az