"Titanic"də tapılan xəzinə sərgiyə çıxarılacaq
13.11.2012

1912-ci ildə Atlantik okeanda aysberqlə toqquşaraq batan "Titanik" gəmisində illər sonra aşkar edilən cəvahirat ilk dəfə sərgiyə çıxarılacaq.

Cəvahirat 1987-ci ildə "Titanik"də araşdırma missiyası zamanı bir əl çantasında tapılıb. Xəzinədə brilyant və sapfir qaşlı üzüklər, sancaqlar, boyunbağılar, qiymətli metaldan köynək sancaqları və cib saatı var. Mini-sərgini "Titanik"in qalıqlarına və ondan tapılan əşyalara sahiblik hüququna malik olan "RMS Titanic" tədqiqat şirkəti təşkil edəcək.

"Biz insanlara kəşf etməyin möcüzəsini yaşatmaq istəyirik. Okeanın 2,5 mil dərinliyinə enirsən, orada bir çanta tapırsan, onu açanda ləl-cəvahirat aşkar edirsən. Əsrarəngiz cəvahirat. 100 il qaranlıqda qaldıqdan sonra işıqda parlayan brilyantlar, sapfirlər… Bu gözəlliyi ancaq həmin gəmidə olanlar görməməlidir. Ona görə bu qiymətli daşları mini-sərgi şəklində ictimaiyyətə göstərmək istəyirik ki, onlar da Edvard dövrünün gözəl cəvahiratlarını ilk dəfə kəşf etmək imkanı qazansınlar." - "RMS Titanic" şirkətinin vitse-prezidenti Aleksandra Klinqelhofer belə deyib.

Mini-sərgilər Amerika Birləşmiş Ştatlarının 3 şəhərində - Atlanta, Orlando və Las-Veqasda açılacaq. Hər şəhərdə sakinlər "Titanik" cəvahiratlarına 2 ay ərzində tamaşa edə biləcəklər. Qeyd edək ki, daha əvvəl bir neçə dəfə "Titanik"dən tapılan cəvahirat nümunələri tək-tək sərgiyə çıxarılsa da, bütün xəzinə ictimaiyyət qarşısına ilk dəfə çıxarılacaq.

ANS PRESS