Azərbaycanda yeganə qadın avtobus sürücüsü - VİDEO
13.11.2012

Ömrünü 61-ci payızın yaşayan Bahar Tahirova nə az, nə çox düz 35 ildir ki, avtobus sürür. Bu baxımdan Bahar xanım Azərbaycanda ilk və yeganə avtobus idarə edən xanım kimi tanınır. O, özünü başqa peşədə təsəvvür etmir. Bahar xanım deyir ki, sürücülüyə həvəsi lap uşaq vaxtından yaranıb. Doğulub boya başa çatdığı Xaçmaz rayonundan da Bakıya məhz maşın sürmək arzusu ilə gəlib. Sürücülüyə marağı o qədər böyük olub ki, hətta oxuduğu Bədən Tərbiyəsi və İdman İnstitutunda təhsilini yarımçıq qoyub. Dəfələrlə peşəkar sürücülük kurslarına getmək istəsə də, onu qəbul etməyiblər. Ona yalnız həvəskar sürücü olmağa icazə veriblər. Bütün bunlara baxmayaraq Bahar xanım öz istəyinə nail olub.

“Anam deyir ki, hələ 3 yaşım var idi, dayım bizə gəlmişdi. Onun qucağında oturub maşın sürmüşəm. O vaxtdan da maragım olub maşına”, - deyə Bahar Tahirova bildirib.

Bahar xanımla söhbət əsasında məlum olub ki, o, tək ölkə daxilində deyil, hətta sərhədlərdən kənarda da avtobus sürüb. Maşının təmirinə gəlincə, xanım bu işin də öhdəsindən layiqincə gəlməyi bacarır. Buna görə də yola köməkçisiz çıxır. Hər gün bir istiqamətdə 340 kilometr yol qət edən Bahar xanım sərnişinlərindən də çox razıdır.

VİDEO

ANS PRESS