Tbilisidə “Heydərbabaya salam” poemasının gürcü dilinə tərcümə edilən kitabının təqdimatı olub
2.8.2017

Gürcüstan paytaxtında İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində (TDU) XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan həsrətilə yaşayıb-yaradan şair Seyid Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasının gürcü dilinə tərcümə edilmiş kitabının təqdimat mərasimi olub.
Tədbir Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının (GAAŞ) təşkilatçılığı və dəstəyi ilə baş tutub.
Tədbirdə şair S.M.Şəhriyarın həyat və yaradıcılığı barədə məlumat verilib.
Donra sonra universitetin rektoru Georgi Şarvaşidze, Gürcüstan AAŞ-nın sədri İsak Novruzov, İran İslam Respublikasının (İİR) Gürcüstandakı səfirliyinin mədəniyyət şöbəsinin müdiri Kamran Fərdi, Tbilisi şəhər bələdiyyəsinin müşaviri Kaxa Tsetsxiladze, Təbriz Universitetinin direktoru Pur Muhəmmədi, Təbriz Universitetinin Qafqaz Tədqiqat Mərkəzinin direktoru Əhməd Fərşbafian, TDU-nin professoru Namadi Bartaia, Azərbaycanın Gürcüstandakı səfirinin müavini Fəxri Hacıyev, GAAŞ-nın sədr müavini Mayak Nemətov, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi hacı Ramin İgidov, poemanı gürcü dilinə çevirən şair-tərcüməçi Oqtay Kazımov Şəhriyarın həyat və yaradıcılığı haqqında fikirlərini bölüşüblər.
Azərbaycanlı və gürcü tələbələr poemadan bir neçə nümunəni Azərbaycan, gürcü və fars dillərində səsləndiriblər.
Sonda “Heydərbabaya salam” poemasından bir parça M.Şəhriyarın lent yazısı səsləndirilib.
İİR-in səfirliyi “Heydərbabaya salam” poemasını gürcü dilinə çevirən şair-tərcüməçi Oqtay Kazımova hədiyyə təqdim edib.
Tədbirdə həmçinin Azərbaycan, Gürcüstan və İran ictimaiyyətinin nümayəndələri, görkəmli ədəbiyyatşünaslar, ictimai birliklərin üzvləri və ziyalılar iştirak ediblər.

report.az