Prezident İlham Əliyev yenidən qurulan Pirşağı-Novxanı və Binəqədi-Novxanı-Corat yollarının açılışında iştirak edib
2.8.2017

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan Pirşağı-Novxanı dənizkənarı və Binəqədi-Novxanı-Corat avtomobil yollarının açılışında iştirak edib.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlərlə bağlı məlumat verib.
Bildirilib ki, Pirşağı-Novxanı avtomobil yolu dənizkənarı dairəvi yola birləşməklə Sumqayıt şəhərindən Abşeron yarımadasının şimal və şimal-şərq hissələrinə rahat və maneəsiz gediş-gəlişi təmin edəcək. Beləliklə, layihənin həyata keçirilməsi nəticəsində Abşeron yarımadasının şimal-şərq hissəsindən şəhərə daxil olmadan Bilgəh, Nardaran, Kürdəxanı, Pirşağı, Fatmayi, Goradil, Novxanı, Saray, Masazır, Xırdalan və Sumqayıt istiqamətlərində hərəkət etməklə avtomobillərin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi və Bakı-Şamaxı-Yevlax magistral yollarına çıxışı təmin ediləcək. Bu isə öz növbəsində Bakının avtonəqliyyat sıxlığının azalmasına müsbət təsir göstərəcək.

report.az