Azərbaycan əhalisinin sayı ilin əvvəlindən (9810000) 0,3 faiz artaraq 9843030-u ötüb. Onlardan 49,9 faizini kişilər, 50,1 faizini qadınlar təşkil edir. Lakin əhali artımında ölkəmizdə son 5 ildə azalma müşahidə olunur. Belə ki, əgər 2011-ci ildə əhalinin illik artımı 1,4 faizə bərabər idisə, 2016-cı ildə bu rəqəm 1,1 faizə enib.
Dövlət Statistika Komitəsinin “Azərbaycanın demoqrafik göstəriciləri” rəsmi nəşrinə istinadla xəbər verilir ki, əhalinin məskunlaşmasına görə, Bakı şəhəri 2245,8 min nəfərlə (1 kvadratkilometrə 1049 nəfər düşür) birinci yerdədir. Ən seyrək məskunlaşma isə Kəlbəcər-Laçın iqtisadi rayonunda qeydə alınıb. İşğal altında olan həmin ərazilərin 251,4 min sakini var (1kvadratkilometrə 39 nəfər düşür).
Əhali arasında yaş qrupu baxımından cari ildə 25-29 yaşlı gənclər üstünlük təşkil edir (9,6 faiz). Yaş qrupu üzrə ən aşağı çəki 2,5 faizlə 65-69 yaşlı sakinlərə aiddir. Ötən ilin statistikasına əsasən, 25-29 yaşlı gənclərin sayı nisbətən azalıb, 65-69 yaşlı sakinlərin sayı isə artıb.
Ötən ilin statistikasına görə, ölkə əhalisinin orta savadlılıq dərəcəsi 99,8 faizdir. Həmin göstərici kişilər arasında 99,9 faiz, qadınlar arasında isə 99,7 faiz olmaqla son səkkiz ildə dəyişməz qalıb. Yaşı 15-dən yuxarı ali və orta təhsili olan şəxslər isə hər 1000 nəfərdən 972-ni təşkil edir.
azertag.az