Məktəblilərimizin Gürcüstan qələbəsi
2.8.2017

Paytaxt məktəbliləri Gürcüstanın Batumi şəhərində keçirilən idmanın döyüş növləri üzrə beynəlxalq turnirdə uğurlu nəticə əldə ediblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, yarışın final mərhələsində məktəblilərdən 3-ü fəxri kürsünün ilk pilləsinə qalxıb, 1-i III yeri tutub.

Turnirdə BŞTİ-nin tabeliyindəki 246 nömrəli məktəb-liseyin XI sinif şagirdi Ramazan Abdullayev K-1 qaydaları üzrə keçirilən döyüşlərdə I yerə layiq görülüb. O, 55 kiloqram çəki dərəcəsində ardıcıl olaraq 2 erməni idmançısını vaxtından əvvəl məğlub edib.

Kikboksinq idman növü üzrə həmin məktəb-liseyin V sinif şagirdi Miryəhya Seyidov 35, 205 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Vüqar Ramazanov 51 kiloqram çəki dərəcəsində I yerə sahib olub. Onlar da Ermənistandan olan həmyaşıdları üzərində qələbə qazanıblar. “Kaspi” liseyinin VII sinif şagirdi Sənan Seyidov isə kikboksinq idman növü üzrə 50 kiloqram çəki dərəcəsində Gürcüstan təmsilçisi ilə qarşılaşmanı III yerlə kifayətlənərək başa vurub. Qaliblərə medal və diplom təqdim edilib.

Yarışa Azərbaycanla yanaşı, Gürcüstan, Türkiyə, Rusiya, Pakistan, Əfqanıstan, İran, Ukrayna, Ermənistan və digər ölkələrdən olan idmançılar qatılıblar.

trend