Budapeştdə dünya çempionatında iştirak edəcək Azərbaycan cüdoçularının heyəti açıqlanıb
3.8.2017

Azərbaycan cüdo yığmasının məşqçi qərargahı avqustun 28-dən Budapeştdə başlanacaq dünya çempionatında iştirak edəcək idmançılarımızın adlarını açıqlayıb.

Komandaya 13 idmançı daxildir, özü də dörd çəki kateqoriyasında iki atletimiz təmsil olunacaq. Bu günə olan məlumata görə, çempionatda 39 ölkədən 782 cüdoçu iştirak etməyi planlaşdırır.

Reqlamentə görə, əgər hər hansı ölkədən bütün çəki kateqoriyaları üzrə idmançılar iştirak edirsə, onda həmin ölkə bir neçə kateqoriyada iki idmançı ilə təmsil oluna bilər. Bizim yığmamıza gəldikdə, yalnız 81 kiloqramadək çəki kateqoriyasındakı yarışlar azərbaycanlı idmançıların iştirakı olmadan keçəcək, yerdə qalan digər yarışlarda atletlərimiz yüksək yerlər uğrunda mübarizə aparacaqlar.

Macarıstanda Orxan Səfərov (60 kq), Nicat Şılxəlızadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi - 90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi – 100 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) mübarizə aparacaqlar. Məşqçi qərargahının seçimi xüsusən orta və ağır çəki kateqoriyasında tamamilə aydındır. Rüstəm Orucov və Hidayət Heydərov 73 kiloqramadək kateqoriyada öz aralarında qiyabi rəqabət aparacaq və onların hər ikisi üçün Budapeştdə uğurla çıxış etmək olduqca vacibdir. Eyni hal 100 kiloqramadək kateqoriyaya da aiddir: burada Elxan Məmmədov və Elmar Qasımov mübarizə aparacaqlar. 90 kiloqramadək çəki kateqoriyasına gəldikdə isə Məmmədəli Mehdiyev və Tural Səfquliyev reytinqdə yaxındırlar: onlardan birincisi 14-cü, ikincisi 16-cı sıradadır. Dünya çempionatından sonra vəziyyət dəyişə bilər.

Qadın yığması ilə bağlı qeyd etmək lazımdır ki, Macarıstana Bazarraqça Erdenebat (48 kq), Nəzakət Əzizova, Buyanxışiq Purevsuren (hər ikisi 52 kq) və İrina Kindzerska (78 kq-dan yuxarı) yola düşəcəklər.

azertag.az