İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu növbəti işgüzar forumu bu gün Saatlı rayonunun Qıraqlı kəndində keçirib.
Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, forum çərçivəsində Fond tərəfindən Saatlı rayonunun iqtisadi potensialına uyğun olaraq, əkinçilik, intensiv bağçılıq, istixana, cins heyvandarlıq təsərrüfatlarının, süd emalı və çörək istehsalı müəssisələrinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.
Tədbirdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun fəaliyyəti və bu ilin ötən dövrü ərzində verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, 2017-ci ilin ötən dövrü ərzində 924 sahibkarlıq subyektinin ümumi dəyəri 258 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 67,4 milyon manat güzəştli kredit verilib.
Forum zamanı müvəkkil kredit təşkilatları vasitəsilə Saatlı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 446 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən heyvandarlıq, pambıqçılıq, taxılçılıq sahələrinin inkişafına yönəldiləcəkdir. Bu layihələrin reallaşdırılması 50-yə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, Saatlı rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 639 investisiya layihəsinin maliyyələşdirilməsinə 24,2 milyon manat güzəştli kredit verilib.
Tədbir çərçivəsində Saatlı rayonunda dövlətin güzəştli krediti ayrılan illik emal gücü 20 min ton olan pambıq emalı müəssisəsinə və pambıqçılıq təsərrüfatına baxış keçirilib.
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən pambıqçılığın inkişafı ilə bağlı bu ilin ötən dövrü ərzində 144 sahibkara 7,2 milyon manat güzəştli kredit verilib.
trend