“Avey” Dövlət tarix-mədəniyyət qoruğunda aparılan son qazıntılar zamanı bu ərazilərdə neolit dövrünün mövcudluğu öz təsdiqini tapıb.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, 2015-ci ilin yayında Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə “Avey” Dövlət tarix-mədəniyyət qoruğunun dünya əhəmiyyətli abidələr siyahısına daxil olan Damcılı mağarası və mağara düşərgəsinin ətrafında Yaponiyanın Tokio Universitetinin professoru Yoşihiro Nişiakinin rəhbərliyi altında aparılan kəşfiyyat xarakterli axtarışlar aparılıb.
Bu axtarışlar zamanı əldə olan nəticələr 2016-cı ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Avey” Dövlət tarix-mədəniyyət qoruğu, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnsitutu və Yaponiyanın Tokio Universiteti arasında üçtərəfli memorandum imzalanmasına əsas verib.
Beynəlxalq ekspedisiyanın məqsədi ərazinin qədim insan məskəni olduğunu təsdiqləmək, bundan başqa neolitdən əvvəlki dövrlərə aid maddi sübutlar əldə etməkdir.
2016-cı ilin avqust ayında aparılan tədqiqatlar zamanı orta paleolit dövrünün son mərhələsini əks etdirən qəlpə, nüvə tullantıları və alət nümunələri, neolit, tunc dövrünün sonuna aid ocaq yerləri, fauna nümunələri (sümüklər), orta əsrlər aid tikili qalıqları əldə olunub. Bu il 17-30 iyul tarixlərində beynəlxalq ekspedisiya növbəti dəfə tədqiqat işləri aparıb. Bu il aparılan qazıntılar nəticəsində bu ərazilərdə neolit dövrünün mövcudluğu öz təsdiqini tapıb.
Aparılan işlər nəticəsində əldə olunan eksponatlar 28 iyul - Ümumdünya arxeologiya günü münasibətilə “Avey” Dövlət tarix-mədəniyyət qoruğunda təşkil olunan sərgidə 3 gün müddətində ziyarətçilərə nümayiş etdirilib.
trend