Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının növbəti iclası keçirilib
9.8.2017

Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının növbəti iclası keçirilib.
Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə keçən iclasda kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik əkini, istifadə etdikləri yanacaq və mühərrik yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımlar, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələr, biohumus və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi məsələləri müzakirə edilib.
Respublika Komissiyasının iclasında kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və mühərrik yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 50 manat, habelə buğda və çəltik əkinlərinə görə əlavə 40 manat məbləğində yardım verilməsi ilə bağlı rayon (şəhər) kənd təsərrüfatı idarələrinin və rayon (şəhər) komissiyalarının 23 rayon (şəhər) üzrə təqdim etdiyi sənədlərə baxılıb.
Respublika Komissiyası 23 rayon (şəhər) üzrə 115 904 istehsalçıya 288 102,02 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və mühərrik yağları, habelə buğda və çəltik əkininə görə 18 953 311,4 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyi, “Kapital Bank” ASC və aidiyyəti rayon (şəhər) kənd təsərrüfatı idarələri və rayon (şəhər) icra hakimiyyətlərinə göndərilib.


report.az