"Azərbaycanda Ümumdünya Gənc Skautlar Forumu və Ümumdünya Skautlar Konfransının keçirilməsi ölkə ictimaiyyətinin Skaut Hərəkatına diqqətini cəlb edib".
Bunu Azərbaycan Skautlar Assosiasiyasının prezidenti İlyas İsmayıllı Qəbələdə keçirilən və 120 Milli Skaut Təşkilatından 320 nümayəndənin iştirak etdiyi 13-cü Ümumdünya Skaut Gənclər Forumu barədə fikirlərini bölüşərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan Skautlar Assosiasiyası 1997-ci ildə yaradılıb və 2000-ci ildən Ümumdünya Skautlar Hərəkatı Təşkilatının üzvüdür: "Biz 20 illik fəaliyyətimiz dövründə biz şəxsiyyətin hərtərəfli inkişafına istiqamətlənmiş, müstəqil həyata hazır olan skautinqin inkişafında nəzərəçarpan irəliləyişlər əldə etmişik. 2014-2017-ci illər arası assosiasiya 210 yerli skaut layihə və proqramlarını uğurla reallaşdırıb, hərəkatın ən fəalları isə bütün mötəbər beynəlxalq tədbirlərdə iştirak edib və ölkəmizi layiqincə təmsil edib”.
İ.İsmayıllı bildirib ki, assosiasiya öz üzvləri üçün illik proqramlar və yay düşərgələri təşkil edir: "Eyni zamanda Azərbaycanın skautinqini regional və beynəlxalq tədbirlərdə təmsil edir. Bizim sıralarımızda 16 regiondan 1750 üzv var. Bəzi ölkələrdə skautların sayı bir milyon və daha çoxdur. Skautinqin mahiyyəti cəmiyyət üçün vətənpərvər cəmiyyətin, şüurlu vətəndaşların tərbiyələndirilməsidir. Ona görə də bir çox ölkələrdə dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Fikrimcə, Azərbaycanda bu, bir nömrəli, əhəmiyyətli məsələdir. Çünki skautinq böyüyən nəslin asudə vaxtının səmərəli təşkilini təmin etməyə, gəncləri düşünülməmiş addımlar və şübhəli məşğuliyətlərdən yayındırmağa kömək edir”.
report.az