Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Türkmənistanın Turizm üzrə Dövlət Komitəsinin sədri Sərdar Çolukov ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, görüşdə iki ölkə arasında dostluq əlaqələrin daha da möhkəmləndirilməsi, mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.
S.Çolukov səfər çərçivəsində iki ölkə arasında turizm üzrə yeni sazişin bağlanmasından məmnuniyyət hissi keçirdiyini bildirib. O, həmçinin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyini Türkmənistanda keçiriləcək 5-ci Asya Oyunlarına dəvət edib.
N.Səmədov, öz növbəsində, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun səfərinin iki ölkə arasında turizm daxil olmaqla əməkdaşlığın bütün istiqamətləri üzrə müsbət nəticə verəcəyinə inandığını bildirib. Nazir müavini turizm sahəsində Azərbaycanda son illər ərzində görülən işlər haqqında məlumat verib. O, həmçinin Türkmənistan və Azərbaycan arasında viza rejiminin qarşılıqlı sadələşdirilməsi, birbaşa loukost uçuşların təşviqi, Xəzər dənizi üzrə kruiz turizminin inkişafı və bərə vasitəsilə turizm axının intensivləşdirilməsi kimi istiqamətlər üzrə əməkdaşlığı davam etdirməyi təklif edib.
Sonda N.Səmədov Türkmənistan tərəfini gələn il aprelin 5-7-də Bakıda keçiriləcək 17-ci AİTF Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştiraka dəvət edib.
report.az