Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 65 272 nəfər şəxs üçün peşə hazırlığı və əlavə təhsil kursları, peşəyönümü tədbirləri təşkil edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, cari ilin yanvar-iyul aylarında ƏƏSMN tərəfindən təşkil olunan peşə hazırlığı və əlavə təhsil kurslarına, peşəyönümü tədbirlərinə ümumilikdə 65 272 nəfər cəlb olunub.
Onlardan 2 476 nəfəri üçün nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib. Avtomobil təmiri üzrə çilingər, qənnadçı, əməliyyatçı mühasib, elektrik qaynaqçısı, elektrik montyoru, xalçaçılıq, mebel quraşdırıcısı, kompyuter istifadəçisi, dərzi və s. peşələr üzrə təşkil olunan kursları bitirənlərə peşə sertifikatları təqdim olunub. Qeyd olunan dövrdə ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə isə 155 nəfər gənc qəbul edilib. Burada gənclərə yeni peşələr öyrədilməklə yanaşı, onların dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmətlərlə təminatı da həyata keçirilib.
Gənclərin peşə və ixtisaslar üzrə düzgün istiqamətləndirilməsi onların gələcəkdə əmək bazarına inteqrasiyasında və əmək bazarının tənzimlənməsində xüsusi önəm kəsb edir. Bu məqsədlə aparılan işlərin davamı olaraq, cari ilin yanvar-iyul aylarında Dövlət Məşğulluq Xidməti tərəfindən 62 641 nəfər gənc peşəyönümü tədbirlərinə cəlb olunub. Onlara əmək bazarında peşə və ixtisaslara olan tələbat, məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri barədə məlumatlar, peşəyönümü məsləhətləri verilib.
trend