Azərbaycanda telekanalın adı dəyişdirilir
10.8.2017

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Şuradan verilən məlumata görə, iclasda Azərbaycan ərazisində rəqəmsal yayıma keçiddən sonra boşalan tezlik resurslarından səmərəli istifadə olunması ilə bağlı məsələlər müzakirə edilib.

Müzakirələrə uyğun olaraq iclasda yüksək keyfiyyətli rəqəmsal (HD) yayımın həyata keçirilməsi üçün “Azad Azərbaycan” Teleradio Kompaniyasına (“ATV” televiziyası) və “Xəzər” televiziyasına müvafiq olaraq 35-ci və 29-cu yayım kanallarının ayrılması barədə qərar qəbul edilib. Həmçinin 22-ci TV yayım kanalının “TV Texservis” kabel şəbəkəsi yayımçısının istifadəsinə verilməsi barədə qərar qəbul edilib.

Eyni zamanda iclasda Qubada fəaliyyət göstərən “Xəyal” Müstəqil Televiziya və Radio Şirkətinın adının dəyişdirilməsi ilə əlaqədar olaraq ona verilmiş regional televiziya yayımı üçün xüsusi razılığın (lisenziyanın) “Qafqaz” Müstəqil Televiziya və Radio Şirkətinın adına rəsmiləşdirilməsi və “Albax TV” MMC-yə 27 iyul 2011-ci il tarixdə kabel şəbəkəsi yayımı üçün 6 il müddətinə verilmiş xüsusi razılığın (lisenziyanın) müddətsiz hesab edilməsi barədə qərarlar qəbul edilib.

trend