Azərbaycanda bu il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 527,7 min nəfər olub, onlardan 881,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 646,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Muzdla işləyənlərin 21,7%-i təhsil, 18,9%-i ticarət-nəqliyyat vasitələrinin təmiri, 12,7%-i sənaye, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,3%-i tikinti, 7,1%-i dövlət idarəetməsi və müdafiə-sosial təminat sahələrində çalışır.
Həmçinin 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 10,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
Cari ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,9% artaraq 522,0 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
report.az