Mingəçevirdə 57 abituriyent qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb
15.8.2017

Bu il Mingəçevir şəhərinin orta ümumtəhsil məktəblərini bitirən məzunlar ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticə əldə ediblər.

Şəhər təhsil şöbəsindən bildiriblər ki, cari ildə Mingəçevirin ümumtəhsil məktəblərinin buraxılış imtahanlarında müvəffəqiyyət qazanan məzunlardan 802 nəfəri tam orta təhsil kursu üzrə attestat alıb. Mingəçevirli məzunlardan 603 nəfəri ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edib və onlardan 406-sı uğurlu nəticə əldə edərək tələbə adını qazanıb.

Ali məktəblərə daxil olan abituriyentlərdən 40 nəfər 500-dən yuxarı, 57 nəfər 600-dən yuxarı bal toplayıb. İmtahanlarda şəhərin məzunları arasında ən yüksək nəticəni Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin məzunu Nurlan Cabbarlı əldə edib. O, 691 bal toplayıb.

Bu nailiyyət Mingəçevir təhsilinin tarixində indiyədək əldə olunan ən yüksək göstərici hesab olunur. Məlumata görə, ötən illə müqayisədə builki abituriyentlər daha yüksək nəticələr əldə ediblər. Belə ki, keçən il şəhərdə 390 abituriyent tələbə adını qazanıb və onlardan 38-i 600-dən yuxarı bal toplayıb.

Qeyd edək ki, Mingəçevir şəhər Təhsil Şöbəsinin nəzdində 21 orta ümumtəhsil məktəbi fəaliyyət göstərir. Məktəblər üzrə 690 sinif komplektində 14 min 686 nəfər şagird təlim-tərbiyə alır. Bu il də Mingəçevir təhsili çox böyük uğurlara imza atıb. Belə ki, həm fənn olimpiadalarının nəticələrinə, həm respublika üzrə keçirilən fənn müsabiqələrinə, həm də builki qəbul imtahanlarının faizinə görə Mingəçevir təhsili öndə olub.

Məlumata görə, 7-8-ci sinif şagirdləri arasında keçirilən respublika fənn müsabiqəsində Mingəçeviri 37 şagird təmsil edib. Mingəçevir komandası respublika üzrə birinci yeri tutub. Mingəçevir Texniki Humanitar Liseyin 7-ci sinif şagirdləri Aydın Çələbizadə biologiya fənni üzrə 1-ci yerə və Gültac Seyidova informatika fənni üzrə 2-cı yerə çıxıb. Bundan əlavə, respublika fənn olimpiadasında Mingəçevir məktəblərinin 10 şagirdi mükafata layiq görülüb.

azertag.az