Gəncə şəhər İcra Hakimiyyətinin, AMEA Gəncə Bölməsinin dəstəyi, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının, “Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyinin təşkilatçılığı ilə “Yerində tarix” adlı ekoturun növbəti mərhələsi həyata keçirilib.
Bu dəfə ekotur iştirakçıları Gəncə şəhəri ətrafında yerləşən qədim alban məbədlərinə səfər ediblər.
Gəncə şəhərinin ali və orta ixtisas məktəblərinin tələbələrindən ibarət 100-dən çox ekoturçu səhər saatlarında YAP Gəncə şəhər Təşkilatının qarşısından avtobuslara minib və Nizami yurdunun tarixini yerində öyrənməyə yola düşüblər.
Ekotur ilk olaraq qədim alban məbədlərini ziyarətlə başlayıb. Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə günümüzədək qorunan abidələr haqqında ekotur iştirakçılarına ətraflı məlumat verib.
Gənclər tarixi tikilinin ətrafında təmizlik işləri aparıb, ərazini alaq otlarından təmizləyiblər.
Milli Məclisin deputatı, YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev ekotur iştirakçıları ilə səmimi söhbət aparıb, onların dünyagörüşünün, bilik səviyyələrinin daha da genişləndirilməsi üçün məsləhət və tövsiyələrini verib.
Bildirilib ki, ekotur ölkəmizin qədim tarixinin, zəngin mədəniyyətinin yaxından öyrənilməsində, nəzəri biliklərin daha da zənginləşdirilməsində, həmçinin gənclər arasında sıx əlaqə və səmimi münasibətlərin yaranmasında mühüm əhəmiyyət daşıyır.
Gənclər açıq havada mədəni-kütləvi idman proqramları təşkil edib, müxtəlif intellektual yarışlar keçirib, birlikdə əylənib, maraqlı anlar yaşayıblar.
azertag.az