Mütaliə günü Mirvarid Dilbazinin 105 illiyinə həsr edilib
15.8.2017

Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Naxçıvan şəhərindəki Təbriz küçəsində yerləşən yaşayış binasının həyətində balaca oxucular üçün mütaliə günü təşkil edilib.

Tədbir Azərbaycanın Xalq Şairi Mirvarid Dilbazinin anadan olmasının 105 illiyi münasibətilə keçirilib.

Kitabxananın direktor müavini Kəmalə Ağayeva və əməkdaşı Mehriban Seyidova Mirvarid Dilbazinin zəngin poeziya dünyası haqqında uşaqlara məlumat veriblər. Bildirilib ki, Mirvarid Dilbazi 1912-ci il avqustun 19-da Qazax rayonunda dünyaya gəlib. Onun “Qadınların hürriyyəti” adlı ilk şeiri 1927-ci ildə nəşr olunub. Şairənin müxtəlif illərdə çapdan çıxan “Bizim səsimiz”, “Vətən eşqi”, “Sənətkarın xəyalı”, “Xatirələr olan yerdə”, “Həyat lövhələri” və başqa kitablarında xalqımızın tarixi və müqəddəs dəyərləri, xalqa bağlılıq duyğuları böyük məhəbbətlə tərənnüm edilir. Vurğulanıb ki, M.Dilbazinin əsərləri bu gün də sevilə-sevilə oxunur. O, həm də gözəl tərcüməçi kimi tanınıb.

Sonda uşaqlar M.Dilbazinin kitablarının, eyni zamanda, kitabxananın fonduna yeni daxil edilmiş 250-dən çox kitabın yer aldığı sərgi ilə tanış olublar.

azertag.az