Prezident İlham Əliyevin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” 19 oktyabr 2015-ci il tarixli fərmanına uyğun olaraq, 2 noyabr 2015-ci il tarixindən etibarən İqtisadiyyat Nazirliyi lisenziyaların “ASAN xidmət” mərkəzləri vasitəsilə verilməsinə başlayıb.
Bu barədə nazirliyin açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, qeyd edilən tarixdən keçən müddətdə sahibkarlıq subyektlərinə 4300-dən çox lisenziya verilib. Bunun 2 450-dən çoxu yeni, 1871-i isə müddətsiz lisenziya ilə əvəz edilən lisenziyalardır.
2017-ci ilin ötən dövrü ərzində isə sahibkarlara 966 lisenziya verilib. Bunun 683-ü yeni, 283-ü isə müddətsiz lisenziya ilə əvəz edilən lisenziyalardır. Lisenziyalar əsasən əczaçılıq, özəl tibb, tikinti-quraşdırma işləri, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi, baytarlıq preparatlarının satışı, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması, dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması, yanğından mühafizə, qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri, təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması, təhsil və s. fəaliyyət sahələrinə verilib.
report.az