Yeni xalça fabriki üçün xalçaçılar hazırlanır
16.8.2017

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının təklifi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin razılığı ilə rayonda 2 aylıq xalçaçılıq kursu açılıb.

Bununla əlaqədar İsmayıllı rayon Məşğulluq Mərkəzi, peşə tədris mərkəzi, “Xoşbəxt-X” kiçik müəssisəsi və 17 nəfər işaxtaran vətəndaşla dördtərəfli müqavilə bağlanıb. Müqaviləyə əsasən kurs peşə tədris mərkəzində fəaliyyət göstərir.

Kursa, əsasən, Qalacıq, İstisu, Qurbanəfəndi kəndlərindən, Lahıc qəsəbəsindən və rayon mərkəzindən məşğulluq mərkəzində qeydiyyatda olan işaxtaran və işsiz vətəndaşlar cəlb olunublar.

Bağlanan müqaviləyə əsasən müdavimlərin istehsalat təcrübəsi “Xoşbəxt-X” kiçik müəssisəsində keçiriləcək. Müdavimlərə iki aylıq təqaüd və kursu bitirdikdən sonra xalçaçı peşəsi üzrə xüsusi şəhadətnamə veriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə rayonda tikilən yeni xalça fabrikində ilk növbədə işlə kursu bitirəcək müdavimlər təmin olunacaqlar. Hazırda şəhərin “Günəşli” qəsəbəsində “Azərxalça” ASC tərəfindən 170 toxucu yeri olacaq xalça fabriki inşa edilir.

azertag.az