Səfir: "Bu gün Azərbaycanda Rusiyada təhsil almağa yüksək maraq var"
17.8.2017

 "Azərbaycanlı tələbələrin Rusiyada təhsil almaq imkanının olması Rusiya-Azərbaycan münasibətlərində xüsusi haldır. Bu, Azərbaycanın və Azərbaycan-Rusiya münasibətlərinin gələcəyidir".
Bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Rusiya ali məktəblərinə qəbul olan azərbaycanlı tələbələrlə görüşdə deyib.
Diplomat vurğulayıb ki, bu gün Azərbaycanda rus dilində verilən təhsillə sonradan təhsilini dünyanın istənilən yerində, o cümlədən Rusiya Federasiyasında davam etdirmək mümkündür.
"Proqram ildən-ilə inkişaf edir. Rusiyada təhsil almaq üçün 2009-cu ildə 123 tələbənin gedişini təşkil etmişdiksə, bu rəqəm 2010-cu ildə 192, 2011-ci ildə 41, 2012-ci ildə 138, 2013-cü ildə 139, 2014-cü ildə 165, 2015-ci ildə 145, 2016-cı ildə isə 197 nərəf olub. Bu il isə əvvəlki illərlə müqayisədə daha çox - 201 nəfər göndərdik", - səfir bildirib.
Onun sözlərinə görə, bu il Rusiyada təhsil almaq üçün ümumilikdə 900 ərizə qəbul edilib və bu, bir yerə orta hesabla 4,5 nəfərin rəqabət apardığını göstərir.
"Qəbul olunan 201 nəfərdən 88-i Moskvada, 10-u Sankt-Peterburqda təhsil alacaq", - V.Doroxin deyib.
Rusiyalı diplomat həmçinin bildirib ki, azərbaycanlı gənclər ən çox kliniki tibb (34 nəfər), iqtisadiyyat və idarəetmə (31 nəfər), dil və ədəbiyyat (12 nəfər), siyasi elmlər və regionşünaslıq (10 nəfər) ixtisaslarını seçir.
"Bu gün Rusiyanın ali məktəblərində təxminən 15 min Azərbaycan vətəndaşı təhsil alır. Rusiya universitetləri Azərbaycan gənclərinin peşəkar kadr kimi yetişməsində mühüm rol oynayır", - səfir əlavə edib.
V.Doroxin Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın da vaxtilə Rusiyada təhsil aldığını xüsusi vurğulayıb.


report.az