BMT-nin baş katibi beynəlxalq dözümlülük günü münasibəti ilə müraciət yayıb. BMT-nin Bakı Ofisindən verilən məlumata görə, müraciətdə XXI əsr üçün dözümlülük və qarşılıqlı anlayış nümayiş etdirməyin çox vacib olduğu vurğulanıb: “İnkişaf daha çox müxtəliflik yaratdığı qloballaşan dünyada dözümlülük birlikdə yaşamaq üçün lazım olan ən vacib şərtdir. Dözümlülük bu gün də sınaqdan keçirilir. Bəziləri iqtisadi və sosial təzyiqlər qarşısında qorxuları istismar etmək və fərqlilikləri vurğulamaqla azlıqların, mühacirlərin və imkansızların nifrətini alovlandırmağa çalışır. Mötədil çoxluq kobudluq, ekstremizm və nifrət dolu siyasi çağırışlara müqavimət göstərmək üçün paylaşılan dəyərlərin lehinə və istənilən növ ayrı-seçkiliyin əleyhinə çıxmalıdır. Bizim məqsədimiz birlikdə sülh şəraitində yaşamaqla məhdudlaşdırılmamalıdır. Həqiqi dözümlülük fikirlərin azad hərəkətini, insan hüquqlarına hörməti və qarşılıqlı anlaşma üçün mədəniyyətlərin mübadiləsini tələb edir. Bu dəyərləri inkişaf etdirdikcə müvafiq güc və rəhbərliyi UNESCO-nun mədəni müxtəliflik haqqında Ümumi Bəyannaməsindən götürə bilərik.
Dözümlülük həm sülh şəraiti, həm də yaradıcılıq və yenilik üçün bir təkandır. Daim qarşılıqlı əlaqədə olan dünyamızda dözümlülüyün təbliğ edilməsi, təzyiq göstərən çağırışlarla mübarizə aparmaq və daha yaxşı gələcək təmin etmək üçün ehtiyac duyduğumuz əmin-amanlığın qurulması yoludur”.
APA