Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti Azərbaycanda ilk dəfə olaraq “HD Voice” texnologiyasını istifadəyə verib.
Şirkətdən verilən məlumata görə, UMTS (3G) şəbəkəsində müasir innovativ AMR-WB (Adaptive Multi-Rate Wideband/Çoxsəviyyəli Tənzimlənən Geniş Zolaqlı Şifrələmə) texnologiyasının tətbiqi vasitəsilə Bakcell öz abunəçilərini çox yüksək keyfiyyətli danışıq təcrübəsi ilə təmin edəcək.
Adi zəngdən fərqli olaraq, “HD Voice” (high definition voice) - səsin ötürmə kanallarının tutumunun optimallaşdırılması texnologiyası sayəsində abunəçilər bir-biri ilə danışarkən nitqi çox yüksək dəqiqliklə eşidə bilirlər. Bununla yanaşı, yeni istifadəyə verilmiş texnoloji özəllik danışıq zamanı abunəçinin ətrafında olan əlavə səs-küyü minimal həddə gətirir və digər abunəçinin qarşı tərəfin nitqini daha aydın və şəffaf şəkildə eşitməsini təmin edir. Nəticə etibarilə hər iki abunəçi bir-birini eyni otaqda olduğu kimi eşidirlər.
“HD Voice”dən faydalanmaq üçün abunəçidən hər hansı əməliyyatı yerinə yetirmək tələb olunmur. Mobil cihaz bu funksiyanı dəstəklədiyi halda bütün danışıqlar avtomatik qaydada heç bir əlavə ödəniş etmədən “HD Voice” texnologiyası ilə baş tutur.
Bakcell abunəçilərini ən yüksək keyfiyyətli mobil rabitə ilə təmin etmək məqsədilə ən yeni texnologiyaların tətbiq olunması üçün şəbəkəsində təkmilləşdirmə işlərini həyata keçirməyə davam edəcək.
trend