Azərbaycan məhsulları “Worldfood Moscow” beynəlxalq ərzaq sərgisində təqdim olunacaq
18.8.2017

Azərbaycan məhsulları növbəti dəfə vahid ölkə stendi ilə bu il sentyabrın 11-14-də Rusiyanın Moskva şəhərində keçiriləcək “Worldfood Moscow” beynəlxalq ərzaq sərgisində nümayiş olunacaq.
İqtisadiyyat Nazirliyindən daxil olan məlumata görə, sərgidə Azərbaycanın 30-dan çox şirkətinin meyvə şirələri, müxtəlif növ şərablar, təbii mineral sular, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları, çay, süd məhsulları və s. yerli məhsullarımız təqdim ediləcək.
“Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində həmçinin Azərbaycanın mədəniyyəti və mətbəxi, ölkəmizin turizm, biznes və investisiya imkanları təbliğ olunacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli “Made in Azerbaijan” brendinin xarici bazarlarda təbliğini nəzərdə tutan fərmanına uyğun olaraq, indiyədək yerli məhsullar Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “Gulfood 2017” beynəlxalq ərzaq sərgisində və Almaniyanın Düsseldorf şəhərində təşkil olunmuş “Prowein 2017” Beynəlxalq Şərab Sərgisində vahid ölkə stendi ilə nümayiş olunub, xarici ölkələrə 8 ixrac missiyası təşkil edilib.


report.az