Sentyabrın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək “Gəncə Marafonu-2017” üçün qeydiyyat davam edir.
Qeydiyyat “Azercell Telekom”un Gəncə şəhərindəki ofisində, Gəncə "ASAN xidmət" mərkəzində, şəhərdə fəaliyyət göstərən universitetlərdə və Gənclər Evində aparılır.
Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov bildirib ki, tələbələrin böyük marağına səbəb olan marafonda iştirak üçün universitetlərindən 3 gün ərzində 307 nəfər tələbə qeydiyyatdan keçib.
“Azərbaycanın çoxminillik tarixə malik Nizami yurdu “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında regionlar arasında marafona ev sahibliyi edəcək ilk şəhər olacaq. Həmçinin layihə regionlarda idmanın inkişafına dəstək, sağlam həyat tərzini, eləcə də Azərbaycanın ayrı-ayrı bölgələrində müxtəlif yaşda insanlar arasında xeyirxah amallar naminə həmrəylik ideyalarını təbliğ etmək məqsədi daşıyır. Ona görə də istər Gəncədə yaşayan, istərsə də bu şəhərdəki ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan hər bir gənc Gəncə şəhərində keçirilən və insanlar arasında ali ideyaları təbliğ edən marafonda iştirak edib həmin xoş günün bir hissəsi olmaq istəyir”, - deyə Orxan Məmmədov qeyd edib.
azertag.az