Çin Xalq Respublikasının Etnik Ədəbiyyat İnstitutunun professoru Xuan Gün Şan Azərbaycan Aşıqlar Birliyində (AAB) olub.
AAB-nin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, türk xalqlarının qədim ədəbiyyatı və mədəniyyəti sahəsində tədqiqatlar aparan alimin bu görüşdə məqsədi Azərbaycan aşıq sənəti ilə daha yaxından tanışlıq olub.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı çinli alimə Azərbaycan aşıq sənətinin dünəni və bu günü, bu sənətə dövlətin qayğısı, onun inkişafı və beynəlxalq miqyasda tanıdılması istiqamətində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib.
Sədr günümüzün ustad aşıqlarından və Aşıqlar Birliyinin həyata keçirdiyi tədbirlərdən söhbət açıb, qonağı maraqlandıran suallara cavab verib. M.Qasımlı, eyni zamanda, çinli alimə AAB-nin nəşri olan “Günümüzün ustad aşıqları” seriyasından kitablar və “Folklor və etnoqrafiya” jurnalının son saylarını, Aşıq Şəmşirin lent yazılarından ibarət diski hədiyyə edib.
Sonra qonaq aşıqların ifasında müxtəlif aşıq havalarını canlı olaraq dinləyib, onların ifasını videolentə köçürüb, onlardan müsahibələr götürüb.
Görüşdə AMEA-nın Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Bədirxan Əhmədov, BDU-nun professoru Vaqif Sultanlı və Çin Konfusli Mərkəzinin Bakıdakı təmsilçiliyinin nümayəndələri də iştirak ediblər.
azertag.az