Əliqismət Lalayev Kirmanşah teatr festivalının münsiflər heyətinə dəvət edilib
21.8.2017

Avqustun 19-da Azərbaycan Dövlət Musiqili Teatrında İranın Kirmanşah Teatrının rəhbəri Mohammad Reza Darandın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə mədəni əlaqələrin inkişafı, müştərək tamaşaların hazırlanması, rejissor və aktyorların qarşılıqlı olaraq teatrlarla işləməsi, qastrol səfərlərinin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, bu görüş İranla mədəni əlaqələrin inkişafında bir mərhələ olacaq.

Musiqili Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev rəhbərlik etdiyi teatr ilə İran mədəniyyət xadimləri arasında əlaqələrin genişləndiyini vurğulayıb. O, bu ilin yanvarında İran İslam Respublikasında keçirilmiş 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında Musiqili Teatrın kollektivinin dahi Üzeyir Hacıbəylinin “Ər və arvad” ikihissəli tamaşasını təqdim etdiyini xatırladıb. Qeyd edib ki, festivalda kollektivin üç üzvü - Əməkdar artistlər Nahidə Orucova “Ən yaxşı qadın rolunun ifaçısı”, Ələkbər Əliyev və Əkbər Əlizadə isə “Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə mükafatlara layiq görülüblər.

Ə.Lalayev İranın tanınmış və nüfuzlu teatr rejissoru Yaqub Sadiqcamalinin quruluşunda Təbriz Teatrı ilə birlikdə “Bəxtəvər” adlı müştərək tamaşa hazırladıqlarını və mart ayında - Novruz bayramı günlərində nümayiş etdirdiklərini diqqətə çatdırıb. Vurğulayıb ki, səhnə əsərində baş rolu Təbrizin çox tanınmış aktyoru, böyük gülüş ustası Babək Nəhreynin oynaması ölkəmizə gələn iranlı qonaqların tamaşaya marağını daha da artırıb.

Teatrın direktoru iyun ayında İranda keçirilmiş Azərbaycan mədəniyyət günlərində Musiqili Teatrın yenə də “Ər və arvad” tamaşası ilə çıxış etdiyini bildirib. Qeyd edib ki, bu tamaşanın təqdim edilməsi səhnə əsərinin İranda böyük maraqla qarşılanması ilə bağlıdır.

İlk dəfədir Azərbaycana gəldiyini vurğulayan Mohammad Reza Darand dəvətə görə Musiqili Teatrın direktoruna təşəkkürünü bildirib. Rəhbərlik etdiyi teatrın əlaqələrin genişlənməsində maraqlı olduğunu söyləyən Mohammad Reza Darand Əliqismət Lalayevi Kirmanşahda keçiriləcək teatr festivalının münsiflər heyətinə dəvət edib.


azertag.az