Çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatına yekun vurulub
21.8.2017

Avqustun 20-də Bakı Su İdmanı Sarayında çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatına beş oyunla yekun vurulub.
Final oyunlarından əvvəl Avropa Həndbol Federasiyası (EHF) və Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə çimərlik həndboluna dair seminar keçirilib.

Seminardan sonra çimərlik həndbolu üzrə final yarışlarına start verilib. Əvvəlcə meydana kişi həndbolçular çıxıblar. Günün ilk matçında “Bakı” komandası Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) təmsilçilərini 2:0 hesabı ilə məğlub edib. “Təhsil” klubu ilə üz-üzə gələn “Məhsul” kollektivi isə rəqibinə 2:1 hesabı ilə qalib gəlib. Bu nəticələrdən sonra “Məhsul” klubu çempionatı birinci, “Bakı” komandası ikinci, “Təhsil” kollektivi isə üçüncü pillədə tamamlayıb.

Kişilər arasında yarışlardan sonra qadın həndbolçuların mübarizəsinə start verilib. Zərif cinsin nümayəndələrinin keçirdikləri oyunlarda bu nəticələr qeydə alınıb: “İdman Akademiyası” - “Azəryol-1” - 0:2, “Azərsu” – “Azəryol - 2” - 1:2, “Nur” – “Qarabağ” - 1:2. Beləliklə, bu nəticələrdən sonra Mingəçevirin “Nur” komandası ikiqat ölkə çempionluğunu rəsmiləşdirib. “Azəryol-1” kollektivi gümüş medalların sahibi olub. “Qarabağ” klubu isə ilk üçlüyü tamamlayıb.

Yarışlardan sonra qaliblərin mükafatlandırılması və yarışın təntənəli bağlanış mərasimi keçirilib.

Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov çıxış edərək bildirib ki, üç gün ərzində keçirilən çempionat uğurla başa çatıb. O.Abbasov qalibləri təbrik edib və onlara uğurlar arzulayıb. Vitse-prezident mükafat qazana bilməyən kollektivlərə ruhdan düşməməyi və gələcək oyunlara daha yaxşı hazırlaşmağı tövsiyə edib.

Sonda isə qalib və mükafatçılar təltif ediliblər.

Xatırladaq ki, avqustun 18-dən 20-dək keçirilən çempionat çərçivəsində, ümumilikdə, 21 oyun keçirilib.


azertag.az